Əliağa Vahid
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Əliağa Məmmədqulu oğlu İsgəndərov .
Ləqəbi Vahid .
Hər kim mənə tən eyləsə meyxanələr içrə ,
Qan olsun onun badəsi peymanələr içrə .
Öz xəlqinə hər kim mey içib versə əziyyət ,
Olsun yeri bayquş kimi viranələr içrə .
Mümkünsə fəsad əhli ilə həmqədəh olma ,
Nöqsan yetirər şəninə biganələr içrə .
Cəhd eylə o kəslərlə çalış , badəni qaldır
İnsan kimi zövq artıra məstanələr içrə .
Pərvanə əgər şəmə yanır atəşi qəmlə
Mən də yanıram hər gecə pərvanələr içrə .
Bir zülfü siyah dilbərə çoxdandır əsirəm ,
Məhşuram o gündən bəri divanələr içrə .
Vahid biləcək qədrini sərraf əgər olsa ,
Saxlar bu gözəl şerini dürdanələr içrə .
Gözəldir .
Hər aşiqə öz istədiyi yarı gözəldir ,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir .
İlqarı gözəl olmayanı istəməz aşiq ,
Can ver elə cananə ki ilqarı gözəldir .
Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl , şivəsi , rəftarı gözəldir .
Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur ,
Amma bizim ölkə bütün - elcari gözəldir .
Yar olsa mənimlə mənə biganə nə eylər ?
Uçmaz elə bir xanə ki memarı gözəldir .
Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir .
Vahid , mənə insaf elə , sima ilə baxma ,
Əhsən elə bir şairə əşarı gözəldir .
Tələsmə .
Səbr eylə könül , möhnəti hicranə tələsmə ,
Dərd əhli yetər səbrlə dərmanə , tələsmə .
Kam almayacaq ayrılığa bais olanlar ,
Aşiq yetəcək sevgili cananə tələsmə .
Pərvanə əgər yansa da şəmin sitəmindən ,
Şəmin də yaxar ömrünü pərvanə tələsmə .
Zahid çalışır yıxmağa meyxanə binasın ,
Məscid qalacaq , əksinə , viranə , tələsmə .
Gül zövqünü çəkmək əbədi xarə də qalmaz ,
Bülbül gələr əlbətdə gülüstanə tələsmə .
Gündən - günə artır bu gözəl huriliqalar
Dünya dönəcək cənnəti rizvanə tələsmə .
Vahid içəcəksən demə ki tövbələr olsun ,
Cəlb eyləyər axır səni meyxanə tələsmə .
Bəs nə deyim ?
Mən o şuxə güli -rəna deməyim , bəs nə deyim ?
Aşiqə bülbülü - şeyda deməyim , bəs nə deyim ?
Min gözəl görsə gözüm , bir kərə doymaz könlüm ,
Bu kiçik qətrəyə dərya deməyim , bəs nə deyim ?
Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm ?
Sevdiyim dilbərə Leyla deməyim , bəs nə deyim ?
Çırpınır quş kimi hər zülfünü gördükcə könül ,
Mən bu divanəyə rüsva deməyim , bəs nə deyim ?
Gözlərin həsrətini çəkməyən aşiq yoxdur ,
Sənə mən afəti - dünya deməyim , bəs nə deyim ?
Bu şirinlik , bu lətafət ki , sənin var gözəlim !
Sənə güldən də mən əla deməyim , bəs nə deyim ?
Eşqidən bir bu qədər söyləmək olmaz Vahid ,
Mən bu məcnunluğa sevda deməyim , bəs nə deyim ?