Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
© Müəlliflik hüququ pozuntusu!!! |
Mənbə: http://hostel.aznet.org/borchali/menu14.shtm |
İstifidə edilən material(lar) üçün icazə alınmışdırsa, xahiş edirik məqalənin müzakirə səhifəsində bildirəsiniz. Əks halda məqalə qismən vəya tamamilə silinəcəkdir. |
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
[redaktə / تحریر] Əlimərdan bəy Topçubaşov
XIX yüzilliyin başlanğıcından Qafqazın inzibati mərkəzinə çevrilən, eyni zamanda mədəni mərkəzlərdən biri olan Tiflis, eləcə də ağır elli Borçalı mahalı Azərbaycan ictimai fikir tarixinə bir çox önəmli elm, ədəbiyyat, mədəniyyət və dövlət xadimləri bəxş etmişdir. Belə şəxsiyyətlərdən biri də hüquqşünas alim, jürnalist, yüksək dərəcəli diplomat, siyasi maarifçi və dövlət xadimi olan Əlimərdan bəy Topçubaşovdur.
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1862-ci il mayın 4-də Tiflisdə anadan olmuşdur. Körpəlikdən atasını itirən Əlimərdan bir illik Tiflis gimnaziyasında təhsil almışdır. 1888-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Onun qabiliyyətini görən müdiriyyət təklif etmişdir ki, universitetdə qalmaq üçün xristian dinini qəbul etsin. Ancaq qeyrətli gənc Əlimərdan bu təklifi özü və xalqı üçün təhqir saymış, vətəninə qayıtmağı üstün tutmuş, böyük arzularla birbaşa Bakıya gəlmişdir. Bakıda o, elə ilk günlərdən ədəbi mühitə qoşulmuş, ziyalılarla əlaqəyə girib ünsiyyət yaratmışdır. Azərbaycan mətbuatının yaradıcılarından olan Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurmuşdur.
Əlimərdan bəy xalqın milli oyanışında, özünü dərk etməsində və mə’nəvi yüksəlişində mətbuatın rolunu qiymətləndirmişdir. 1898-ci ildə böyük maarifsevər, milyonçu H.Z. Tağıyev "Kaspi" qəzetini mətbəəsi ilə birlikdə alıb, ona və Əhməd bəy Ağayevə təklif edəndə həvəslə razılaşmış, qəzetin redaktoru olmaqla Azərbaycan maarif, mədəniyyət və ədəbiyyatının çeşidli məsələlərini işıqlandırmışdır. Onun qayğısı sayəsində rus dilində yazan bir qrup ziyalı Əlimərdan bəylə həmrə’y olmuşdur. Əlimərdan bəy Topçubaşova "Bakinskiy torqovo-promışlennıy listok" qəzetinin redaktorluğu da tapşırılmışdır. Eyni zamanda Bakı şəhər dumasının üzvü seçilmiş, ona sədrlik etmişdir. O, həm də qız gimnaziyasının, ticarət məktəbinin və şəhər məktəbinin himayədarları şurasının fəal üzvü kimi iş aparmışdır.
1905-ci ilin avqustunda Nijni-Novqorod yarmarkası günlərində "Qustav Struve" gəmisində keçirilən Ümumrusiya müsəlmanlarının birinci qurultayı Əlimərdan bəy Topçubaşovun təşəbbüsü və rəhbərliyi ilə keçirilmişdir. Buraya Qafqaz (əsasən Gürcüstanın Borçalı, Tiflis ətrafı bölgələrdən, Ahıska türklərinin vətəni olan Adıgün, Aspindza, Axalsix, Axırkələk və s.) Türküstan, Krım, Qazan, Ufa, Sibir və s. regionlardan türk xalqlarının çoxlu nümayəndələri, müsəlman ziyalılar gəlmişdi. Qurultayın keçirilməsindən məqsəd mərkəzi Bakıda olmaqla "Ümumrusiya Müsəlman İttifaqı" yaratmaq olmuşdur. Bu ittifaq bütün müsəlmanları imperializmə qarşı mübarizəyə hazır olmağa çağırmışdır. İttifaqın 1906-cı ildə Peterburqda gizli şəkildə çağırılan ikinci qurultayı Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə həmin məsələ haqqında ayrıca Nizamnamə hazırlamışdır.
Əlimərdan bəy Topçubaşov Dövlət Dumasının üzvü kimi də xalqın mədəni, mə’nəvi yüksəlişinə xidmət etmişdir. O, "Xalq azadlığı" partiyasının sol cinahından seçilmiş və partiya adından Dövlət Dumasında müstəmləkə halına salınmış xalqlara məhəlli muxtariyyat alınmasına çalışmışdır. 1905-1906-cı illərdə belə tələblə çıxış etmək böyük hünər idi. 1911-ci ildə "Türk ədəm mədəniyyət-müsavat" partiyasının özülü qoyulanda da bu tələb irəli sürülmüşdür.
Əlimərdan bəy Topçubaşov rus çarizminin müstəmləkə siyasətinə qarşı alovlu mübariz kimi çıxış etmişdir. Onun adını "Zaqafqaziyada rus siyasətinə dair sənədlər" kitabında şübhəli adamlar sırasına salmışdılar.
Əlimərdan bəy Topçubaşovun təşkilatçılıq bacarığı, bir siyasi-ictimai xadim, diplomat, qeyrətli Qafqaz türkü kimi hünəri 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti qurulduqdan sonra bütün parlaqlığı ilə üzə çıxmış, cümhuriyyət e’lan olunan gündən xarici işlər naziri olmuşdur.
O, Türkiyədə Azərbaycanın rəsmi nümayəndəsi kimi də böyük işlər görmüşdür. "Azərbaycanın təşəkkülü" adlı dəyərli kitabını da burada yazmışdır. Əlimərdan bəy Topçubaşov Türkiyədə ola-ola 1918-ci ildə dekabr ayının 7-də Azərbaycan parlamentinin sədri seçilmişdir.
Əlimərdan bəy Topçubaşov ictimai fikir tariximizdə bir diplomat-vətəndaş kimi çox önəmlidir.
1919-cu ilin mayında Parisdə Versal sülh konfransı keçirilərkən Azərbaycan hökuməti konfransa Ə. Topçubaşovun sədrliyi ilə böyük bir nümayəndə hey’əti göndərmişdir. Ə. Topçubaşov konfransa qədər Amerika, İngiltərə, Türkiyə, İran və b. dövlətlərin nümayəndələri ilə səmərəli danışıqlar aparmış, birbaşa Amerika prezidenti V. Vilsonla görüşərək Azərbaycan Demokratik Respublikasının (ADR) müstəqilliyinin tanınmasına yardım göstərməyi xahiş etmişdir. Ancaq Türkiyə və Azərbaycandan torpaq iddiasında olan daşnak Ermənistan nümayəndələri və qırmızı Moskva şovinistləri bu təşəbbüsləri pozmağa çalışmışdır. Əlimərdan bəy Topçubaşov bu barədə yazmışdır: "biz qonşularımızla birgə işə can atırıq, lakin qorxuruq ki, sonsuz iştaha malik, öz muradına başqalarının, yə’ni bizim hesabımıza çatmaq istəyən ermənilərlə dil tapa bilməyək. Onlar bəlkə də bütün ölkələrin paytaxtlarında bizim əleyhimizə iş aparır, bizi dövlət həyatına, başqa xalqlarla yanaşı yaşamağa qadir olmayan millət kimi qələmə verirlər".
Ə.Topçubaşovun diplomatiya bacarığı, bir çox dünya ölkələri ilə apardığı danışıqlar öz bəhrəsini vermişdir. 1920-ci il yanvarın 11-də keçirilən Paris konfransının Ali Şurası Gürcüstan və Azərbaycan istiqlaliyyətini tanımışdır.
Ə. Topçubaşov 62 yaşında əbədiyyətə qovuşmuşdur. Onun qəbri Parisin Sen-Deni qəsəbəsindəki qəbiristanlıqdadır. Arxivi də Paris şəhərindədir.