Kitabi Dədə Qorqud
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
"Kitabi-Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı əbidəsidir (XI-XII əsrlər). Elm aləminə XIX əsrdən məlum olan "Kitabi-Dədə Qorqud"un hələlik iki əlyazma nüsxəsi (Drezden və Vatikan) tapılmışdır. Drezden nüsxəsi üzərində sonradan "Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı") yazılmışdır. Bu nüsxə müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülmüşdür. Azərbaycan EA Əlyazmalar İnstitutunda "Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.
Abidə haqqında ilk dəfə alman alimi F.Dits məlumat vermiş və "Təpəgöz" boyunu alman dilinə tərcüməsi ilə dərc etdirmişdir (1815). T.Nöldeke əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəmişdir. V.V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirmişdir. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırmışdır; həmin tərcümə 1950-ci ildə Bakıda (H.Araslı və M.Təhmasibin redaktəsi ilə), 1962-ci ildə isə Moskvada nəşr olunmuşdur.
1952-ci ildə E.Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini tapıb italyanca tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. "Kitabi-Dədə Qorqud" Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə 1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr olunmuşdur. Sonralar əsər ingilis, alman və fars dillərinə tərcümə edilmiş, İngiltərədə, İsveçrədə, ABŞ-da və İranda çapdan çıxmışdır. 1951-ci ildə "Kitabi-Dədə Qorqud" Azərbaycanda və Türkmənistanda "xalq düşməni" elan edilərək oxunması yasaqlanmışdı. "İnkişaf etmiş" Sosializm cəmiyyətində feodalizm dövründən qalmış sənət nümunəsinə "yer tapılmadı". Azərbaycanda 1957-ci, Türkmənistanda 1980-ci ildə bəraət qazanmışdır.
"Kitabi-Dədə Qorqud" dastanları XI-XII əsrlərdə və daha əvvəllər (islamın yayılmasından qabaq) Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XIX əsr səyahətçilərinin əsərlərində bu fakta rast gəlmək olar.
"Kitabi-Dədə Qorqud" boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik məlumatla zəngindir. "Kitabi-Dədə Qorqud" qadına yüksək münasibəti ilə seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.
"Kitabi-Dədə Qorqud" təklikdə heç bir türk xalqına mənsub olmayıb Ümumtürk mədəni abidədir.